Qazma boruları
neft və qaz quyularının qazılmasında işlədilən xüsusi borular. Suxurdağıdan aləti quyuya endirmək və qaldırmaq, fırlanma hərəkətini ötürmək, baltaya düşən oxboyu qüvəni yaratmaq, yuyucu məhlulu və ya sıxılmış havanı quyu dibinə vurmaq üçün tətbiq edilir. Adi, ağırlaşdırılmış və aparıcı Q.b. olur. Adi Q.b. poladan və ya alüminum ərintilərindən, dairəvi enkəsikli və tikişsiz hazırlanır, divarlarının qalınlığı 4,75-11m olur və bir-biri ilə qazma qıfılı, yaxud xüsusi (iri konusvari) yivli yarımqıfıla birləşdirilir. Q.b.-nın möhkəmliyini artırmaq üçün ucları qalınlaşdırılır. Ağırlaşdırılmış polad Q.b. dairəvi, yaxud kvadrat enkəsikli, divarlarının qalınlığı 16-50 m. və daha çox olur, onlar da yivlə birləşdirilir, bu boru kəmərinin aşağı hisəsinin sərtliyini artırır və balta üzərində yük yaradır. Aparıcı Q.b. boru kəmərinin yuxarısında yerləşdirilir və ona qazıma qurğusundan fırlanma hərəkəti ötürülür. Q.b. xüsusi qazıma qıfılı və qazma muftası vasitəsilə birləşdirilərək qazıma kəməri əmələ gətirir.